
Azərbaycanı hazırda avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” növbəti mərhələdə Polşanın “Visla” klubu ilə üz-üzə gələcək. Artıq “Qarabağ”la qarşılaşmanın hazırlıqlarına start verən Polşa təmsilçisi komandamız haqqında kifayət qədər məlumata da malikdir. Belə ki, Krakov “Visla”sının köməkçi məşqçisi Andrey Bahr “Qarabağ” - “Portadaun” (1:1) görüşünü canlı izləyənlər arasında olub. Polşa mətbuatına bu barədə açıqlama verən Bahr “Qarabağ”ın kifayət qədər güclü klub olduğunu dilə gətirib. Onun sözlərinə görə, “Qarabağ” hücum etməyi sevən komandadır: “Bakıda “Qarabağ” - “Portadaun” görüşünü canlı izlədim. Azərbaycan təmsilçisi Şimali İrlandiya təmsilçisinə oynamaq imkanı vermədi. Meydan sahibləri qonaqları bütün komponentlərdə üstələdilər. Britaniyalılar hücum qurmaqda belə çətinlik çəkirdilər. Sanki kimsə onlara qapılarından 16 metr məsafədən artıq uzaqlaşmamağı tapşırmışdı. Görüş “Qarabağ”ın tam üstünlüyü ilə keçdiyi bir vaxtda “Portadaun”lu futbolçu cərimə zərbəsindən möhtəşəm qol vurmaqla, stadiona toplaşmış azarkeşləri həyəcanlandırdı. Ancaq bundan bir qədər “Qarabağ” hesabı bərabərləşdirdi. 1:1 hesabı heç kimi yanıltmasın. Azərbaycanlıların oyun ərzində bir neçə əlverişli qol imkanlı olsa da, bunlardan yararlana bilmədilər. “Qarabağ”lı futbolçular texnikalı oyuna üstünlük verirlər. Azərbaycan təmsilçisi hücum etməyi çox sevən komandadır”. Daha sonra “Qarabağ”la “Şaulyay”ı müqayisə edən Bahr Azərbaycan təmsilçisinin litvalılardan daha ciddi rəqib olduğunu vurğulayıb: “Bizim ötən mərhələdəki rəqibimiz “Şaulyay” oldu. “Qarabağ” Litva komandasından çox güclü bir kollektivdir. Ona görə, bu dəfəki rəqibimizə qarşı daha ciddi hazırlaşmalıyıq”. “Visla”nın məşqçisi “Qarabağ”ın heyətində çəkinməli olduqları futbolçunu da rahatlıqla müəyyənləşdirə bilib. Ağdamlıların ən sərrast oyunçusu sayılan Əfran İsmayılovu xüsusi qeyd edən Bahr onunla mübarizə aparmağın çətin olduğunu vurğulayıb: “Qarabağ”ın heyətində 22 nömrəli futbolçunu gözdən qaçırmaq olmaz. Bu oyunçu istədiyi vaxt təhlükə yarada biləcək gücdədir. 22 yaşlı yarımmüdafiəçi sağ cinahda çıxış edir və gözəl texnikaya malikdir”. Polşalı jurnalistlərin hava ilə bağlı suallarını da cavablandıran Andrey Bahr Bakıda havaların çox da isti keçmədiyini bildirib: “Orada olduğum müddətdə elə də isti havanın şahidi olmadım. “Qarabağ” - “Portadaun” görüşü başladığı vaxt normal hava temperaturu var idi. Ancaq bu o demək deyil ki, komandamız Bakıda olarkən orada bərk istilər olmayacaq. Ona görə hər şeyə hazır olmalıyıq”. Nəhayət, sonda “Qarabağ”lı azarkeşlər haqqında fikir söyləyən Andrey Bahr Azərbaycan mərkəzi arenasında fərqli hisslər keçirdiyini dilə gətirdi: “Qarabağ” ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. “Qarabağ” - “Portadaun” oyununda azərbaycanlı azarkeşlər elə bir abu-hava yaratmışdılar ki, insan özünü lap Argentina stadionlarındakı kimi hiss edirdi. Orada bizi böyük və coşqun “Qarabağ”lı azarkeş kütləsi gözləyir”.
“Visla” “Qarabağ”la oyuna yeni futbolçularını da sifariş edir Azərbaycanı Avropa Liqasının üçüncü təsnifat mərhələsində təmsil edən Ağdamın “Qarabağ” klubunun rəqibi Polşa “Visla”sı transfer siyasətini davam etdirir. Artıq bir neçə yeni oyunçu ilə rəsmi müqavilə imzalayan Krakov təmsilçisi onları “Qarabağ”la oyunda meydançaya buraxmağı planlaşdırır. Belə ki, klubun rəsmi saytında verilən məlumata görə, yeni transferlərdən Draqan Paljiç və çezari Vilk “Qarabağ”la Krakovdakı oyunda meydançaya çıxa bilərlər. Bundan əlavə, Qordon Bunozanın da ağdamlılarla qarşılaşmada meydançaya çıxacağı istisna edilmir. Lakin ilk iki oyunçunun bizimkilərə qarşı oynamaq ehtimalı daha böyükdür.
“Visla”nın oyunçusu: “Qarabağ”la səfər oyunumuz çətin keçəcək” ”Qarabağ”la səfər oyunumuz kifayət qədər çətin keçəcək. çünki Azərbaycanda havanın hərarəti həddindən artıq yüksəkdir. Bu vaxtlar orada təxminən 30 dərəcədən yuxarı isti olur. Bu cür hərarət altında futbol oynamaq isə çox çətindir. Odur ki, işimizin asan olmayacağını indidən söyləmək lazımdır”. Bu sözləri Polşa “Visla”sının üzvü Rafal Boquski deyib. Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Krakov klubunun futbolçusu Qurban Qurbanovun komandasının ikinci təsnifat mərhələsində zəif rəqibi keçdiyini düşünsə də, komandamızdan çəkindiklərini gizlətməyib: “Növbəti rəqibimizin həvəskarlardan ibarət komandanı məğlub etməsini fikirləşməməli idik. Onlar ofisiantları belə məğlub etmələrinə baxmayaraq, çox güclü kollektivə malikdirlər və gözəl oyun nümayiş etdirirlər. Odur ki, “Qarabağ”la oyuna həddindən artıq ciddi hazırlaşırıq”.
Oyunların başlama saatı və hakimləri məlum oldu “Qarabağ”ın “Visla” ilə oyunlarının vaxtı da məlum olub. Beləliklə, iyulun 29-da Krakov şəhərinin “Hutnik” stadionunda keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bir həftə sonra Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma isə saat 21:00-da start götürəcək. Eyni zamanda qarşılaşmaların hakimləri də müəyyənləşib. Beləl ki, UEFA Krakovdakı görüşü Norveçdən olan ədalət təmsilçisi Tom Harald Hagenə həvalə edib. Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşmasında isə ədaləti türkiyəli Bülənt Yıldırım qoruyacaq.
Bu xəbər 107 dəfə oxunub. |