
İndiyə qədər Azərbaycanda işləyən əcnəbi məşqçilərdən çox az qismi buradakı fəaliyyətindən sonra yaxşı mənada iz qoyub hörmət qazana bilir. Bu cür mütəxəssislərdən biri də makedoniyalı çalışdırıcı Qyoko Haciyevskidir. ölkəmizdəki fəaliyyətinə paytaxtın “Bakı” klubunda başlayan təcrübəli çalışdırıcı milli komandamızın sükanı arxasında az müddətdə də olsa, öz bacarığını sübut edə bilib. “Bakı”ya çempionluq qazanırmağı bacaran Haciyevski daha sonra Azərbaycandan kənarda karyerasını davam etdirdi. Bir müddət Cənubi Kiprdə işlədikdən sonra makedoniyalı yenidən Azərbaycana qayıtdı. Haciyevskinin bu dəfəki iş yeri isə bölgə klubu olan “Simurq”dur. Zaqatala təmsilçisinin heyətində ciddi dəyişikliklərin olmasına və komandanın gəncləşmə siyasət yeritməsinə baxmayaraq, təcrübəli mütəxəssis bu komandanın sükanı arxasına keçməkdən çəkinmədi. Heyətində əcnəbi futbolçu olmayan Zaqatala təmsilçisi “Unibank” Premyer Liqasının ilk turunda debütant “Gəncə” ilə üz-üzə gələcək. Biz isə Haciyevski ilə söhbətləşib həm qarşıdan gələn çempionatla bağlı, həm də digər məsələlər haqqında fikirlərini öyrənməyə çalışdıq. “çempion”a eksklüziv müsahibə verən makedoniyalı avrokuboklarda iştirak edən klublarımızın çıxışlarına da toxundu.
RAMİZ MİRZƏZADƏ - Cənab Haciyevski, komandanızın hazırlıq prosesi necə davam edir? - Hər şey qaydasında gedir. Kollektivdə yaxşı əhval-ruhiyyə mövcuddur. çempionatın başlama vaxtı getdikcə yaxınlaşır. çalışırıq ki, çempionatın startına kimi tam hazır olaq. Bunun üçün lazım olan bütün göstərişləri yetirmələrimə vermişəm. Onlar da mənim bütün tapşırıqlarıma yerli-yerində əməl edirlər. - “Neftçi” ilə yoldaşlıq görüşü keçirdiniz. Bu qarşılaşma ilə bağlı nə deyə bilərsiniz? - Təbii ki, dediyiniz qarşılaşma ilk növbədə sıradan bir yoldaşlıq görüşü xarakteri daşıyırdı. Bu sözləri nəticə baxımdan deyirəm. Ancaq oyunun özü bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Belə ki, kollektivimiz demək olar ki, yenidən qurulub. Buna görə də çempionatın startına qədər nə qədər çox yoldaşlıq görüşü keçirsək, bir o qədər komandamız üçün xeyirli olar. Oyun da istədiyim kimi keçdi. Belə ki, yetirmələrim məşqlərdə verdiyim tapşırıqları bu oyunda yerinə yetirə bildilər. Qeyd etdiyim kimi, hesab mənim üçün heç bir əhəmiyyət daşımır. Əsas o idi ki, komandamın oyununu kənardan izləyib çatışıb-çatışmayan cəhətləri özüm üçün aşkarlayım. - Mövsümlərarası fasilədə komandada çox ciddi dəyişikliklər oldu. Demək olar ki, ötən ilki heyətdən əsər-əlamət qalmayıb. Sizcə, bu günkü komanda ilə Premyer Liqada istədiyiniz oyunu göstərə biləcəksiniz? - Düzdür, ötən mövsümlə müqayisədə komandada çox ciddi dəyişikliklər oldu. Legioner futbolçuların hamısı kollektivi tərk etdilər. Artıq bu haqda fikirləşmək lazım deyil. Gedən getdi. Biz artıq əlimizdə olan heyətlə gələcəyə baxmalıyıq. Mənə elə gəlir ki, “Simurq” komandasının indiki heyəti də istənilən Premyer Liqa klubuna qarşı başa-baş mübarizə apara biləcək gücdədir. Onların perspektivlərinə inanıram. Sadəcə, təcrübəyə ehtiyacları var. İnanıram ki, bu çatışmazlıqları da tədricən aradan qaldıra biləcəyik. - Siz Azərbaycanda özünü yetərincə sübut etmiş bir insansınız. Artıq bütün futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, Qyoko Haciyevski haradadırsa, orada mütləq nailiyyət olacaq. Bu mövsümdə “Simurq”da köklü dəyişikliklər oldu. Qorxmursunuz ki, indiyə qədər qazandığınız bu imiciniz Zaqatala klubunda korlana bilər? - “Simurq”a gəlməklə imijimin düşəcəyini heç düşünməmişəm də. Axı, güclü mütəxəssis o adamdır ki, əlində olan heyətlə nəyəsə nail olmağı bacarsın. Hər bir heyətin özünə görə güclü tərəfləri olur. Əsas odur ki, həmin futbolçuların bacarıqlarını ortaya çıxarasan. Sonra isə daha ciddi məqsədlər uğrunda mübarizə aparasan. - “Simurq” hər zaman iddialı kollektiv olub. Görəsən, Haciyevskinin gəlişindən sonra heyətində köklü dəyişikliklər edən Zaqatala təmsilçisi bu mövsümdə qarşısına hansı məqsədi qoyub? - Bayaq da qeyd etdiyiniz kimi, komandada köklü dəyişikliklər olub. Təbii ki, çalışacağıq ki, “Simurq”u əvvəlki gücündə saxlayaq, hətta ondan da güclü komandaya çevirək. Qarşımıza qoyduğumuz məqsədlərə gəlincə, bu mövsümdə əsas hədəfimiz ilk altılığa düşmək olacaq. Gələn ildən etibarən isə komandamız daha yüksək yerlər uğrunda mübarizə aparacaq. Hər zaman olduğu kimi, avrokuboklarda Azərbaycanı təmsil etmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, hər şey istədiyimiz kimi alınacaq. çünki biz bunun üçün çox çalışırıq. - Keçmiş klubunuz olan “Bakı”nın Avroliqadakı çıxışı haqqında nə deyə bilərsiniz? - “Bakı” hər zaman Azərbaycanın ən iddialı klublarından biri olub. Bu mövsümə də çox yaxşı start verdilər. Komanda çox səviyyəli futbolçulardan qurulub. Heyətində əla oyunçular var. Lakin Epallenin cəzalı olması onları çox çətin vəziyyətdə qoydu. Komanda hər iki oyunda göstərdi ki, “Bakı” “Buduçnost”dan çox səviyyəli komandadır. Ancaq futbolda belə şeylər olur. - “Bakı”dan ayrıldıqdan sonra bir müddət ölkə xaricində - Kiprdə işlədiniz. Oradakı karyeranız necə alındı? - Kiprdə çox yaxşı işlər gördük. Orada işləməyim mənim üçün çox xeyirli oldu. Təcrübə baxımından bu lazımlı idi. Ancaq təkrar Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, “Simurq”la ölkənizdəki yaxşı işlərimizi davam etdirəcəyik. - Komandanızın yeni kapitanı kimi Rasim Ramaldanovu təyin etmisiniz. Gənc futbolçu bu cür yükün altında dayana biləcək? - Rasimin futbolçuluq bacarığı çox gözəldir. Siz bu mövsümdə onun oyununu bəyənəcəksiniz. Bundan əmin olun. O ki, qaldı kapitanlığa, komandamızdakı futbolçuların demək olar ki, hamısı gəncdir. Əsas odur ki, kapitanlıq sarğısını daşıyan futbolçunun liderlik bacarığı olsun. - Son oyunda “İnter”lə yoldaşlıq görüşündə üz-üzə gəldiniz. Komandanızın oyunundan razı qaldınız? - Yetirmələrim tapşırıqlarımı çox gözəl yerinə yetirdilər. Artıq komanda istirahətə yollanır. Futbolçularımdan tam razıyam. “İnter”lə oyun bir daha komandamızın son durumunun qaydasında olduğunu göstərdi. Hər kəs nə edəcəyini bilir. Biz bütün rəqiblərimizlə sona qədər mübarizə aparacağıq. Yoldaşlıq görüşlərinin hesabı yox, oyundan əldən olunan nəticə önəmlidir. Biz yoxlama oyunlarından sonra ortaya qoyduğumuz oyunu görür və bunun üzərində çalışırıq. Təbii ki, “İnter”lə qarşılaşmadan sonra hazırda mövcud olan əksikliklərimizi aradan qaldırmağa sə göstərəcəyik. - Bildiyiniz kimi, “Unibank” Premyer Liqasının iddialı kollektivləri heyətlərini xeyli gücləndiriblər. Liderlik uğrunda mübarizə aparan klublarımız br sıra əcnəbi futbolçularla müqavilə imzalayıblar. Sizcə, bu mövsüm “Unibank” Premyer Liqasının oyunları ötən illə müqayisədə daha səviyyəli keçəcək, yoxsa necə? - İndiyə qədər gələn əcnəbi legionerlərin əksəriyyətinin səviyyəsi imkan verir ki, gələn mövsümdə çempionatın daha maraqlı olacağına dair fikir səsləndirə biləsən. “Bakı” komandası kifayət qədər səviyyəli heyət qurub. Futbolçular bir-birilərinə tam uyğunlaşdıqdan sonra onların oyunlarını izləmək azarkeşlər üçün xoş olacaq. “Bakı”dan əlavə, digər iddialı komandalar da yaxşı futbolçular transferlər ediblər. Mənə elə gəlir ki, bu mövsümdə çemponat çox maraqlı keçəcək. - Hazırda Azərbaycanı avrokuboklarda sadəcə, “Qarabağ” təmsil edir. Bu komandanın çıxışı haqqında nə deyə bilərsiniz? - “Qarabağ” haqda ancaq və ancaq xoş sözlər demək lazımdır. çünki bu komanda artıq iki mövsümdür ki, Azərbaycanı Avropaya çox gözəl tanıtdırır. Onların oyunu hamı kimi mənə də xoş gəlir. “Bakı”dan fərqli olaraq, Ağdam təmsilçisinin heyətində elə də ciddi dəyişiklik olmayıb. Onların bu mərhələdəki rəqibi kifayət qədər güclüdür. Lakin “Qarabağ”ın onları da keçə biləcəyini düşünürəm. Azərbaycanda Ağdam klubuna inam çox böyükdür.
Bu xəbər 73 dəfə oxunub. |