
“Bakı” çempionlar Liqasının qalibi olmuş futbolçu ilə danışıqlara başlayıb. Belə ki, Avropa Liqasında mübarizəni dayandıran paytaxt klubu hazırda “Real” və “Milan” kimi məşhur klubların formasını geyinmiş Julio Sezar Santos Korrea ilə müqavilənin detallarını müzakirə edir. Julio Sezarın bu həftənin ortalarında Bakıya gələrək, rəsmi müqavilə imzalayacağı və hazırlıqlara başlayacağı gözlənilir. Qeyd edək ki, Julio Sezar 18 noyabr 1978-ci ildə Braziliyanın San Luis şəhərində dünyaya gəlib. 185 sm boyu olan mərkəz müdafiəçisi karyerası ərzində müvafiq olaraq Hondurasın “Marathon”, İspaniyanın “Valyadolid”, “Real” (Madrid), “Real Sosyedad”, İtaliyanın “Milan”, İngiltərənin “Bolton”, Portuqaliyanın “Benfika”, Avstriyanın “Austria”, Meksikanın “Tiqres”, Yunanıstanın “Olimpiakos”, Rumıniyanın “Dinamo” (Buxarest) klublarında çıxış edib. 2009/2010 mövsümünü Türkiyənin “Qaziantepspor” klubunda keçirən futbolçu hazırda klubsuzdur. “Real”ın heyətində 21 oyuna çıxan futbolçu ümumilikdə İspaniya Primerosunda (“Real”, “Valyadolid” və “Real Sosyedad”) 125 oyunda meydançaya çıxıb. İtaliya A Seriyasında 4 (“Milan”) oyuna çıxan braziliyalı İngiltərə Premyer Liqasında (“Bolton”) 5 matç keçirib. Julio Sezar 1999/2000 mövsümündə “Real”la çempionlar Liqasının, 2002/2003-də “Austria” ilə Avstriya çempionatının və kubokunun, 2006-cı ildə Meksika İnter Liqasının, 2006/2007, 2007/2008 mövsümlərində isə “Olimpiakos”la Yunanıstan çempionatının və 2007-ci ildə kubokunun qalibi olub.
Bu xəbər 104 dəfə oxunub. |