 “Beşiktaş” - “Vikinqur” 3:0 Qollar: Nihat, 19, 65; Nobre, 90 “Beşiktaş” (Türkiyə): Hakan Arıkan, Tomas Sivok, İbrahim üzülməz, Ərhan Güvən (Əkrəm Dağ, 75), İbrahim Toraman, Kuarejma, Delqado (Necip, 83), Tabata, Ernst, Nihat (Nobre, 83), Bobo “Vikinqur” (Farer adaları): Tamas, Klettskaro (Lava Olsen, 76), Hanus Yakobsen, Stankoviç, Vatinhammar, Erlinq Yakobsen, Sem Yakobsen, Dyurus (Bartalstovu, 46), Justinussen, Hansen, Niklasen Türkiyədən 2010-11 mövsümündə avrokuboklara ilk qoşulan klub “Beşiktaş” oldu. ötən mövsümü Superliqada 4-cü pillədə tamamlayan “ağ-qaralar” Avropa Liqasının II təsnifat mərhələsində dünən zəif Farer adalarının “Vikinqur” komandasını sınağa çəkdilər. Yeni transferlərdən yalnız Rikardo Kuarejmaya start heyətində şans verən baş məşqçi Bernd Şuster zədə ucbatınbdan bir il komandadan ayrı qalan argentinalı Matias Delqadonu da ilk dəqiqələrdən meydançaya buraxmışdı. Rusiyalı baş hakim İqor Yeqorovun start fitindən dərhal sonra “İsmət İnönü”yə toplaşmış azarkeşlərin dəstəyi ilə hücuma atılan meydan sahibləri elə ilk dəqiqələrdən qol epizodları yaxalamağa başladı. Xüsusən də Kuarejma və Tabata fəallıqları ilə seçilirdilər. Portuqaliyalı ilə sanki oyuna deyil, şouya çıxmışdı. Belə ki, o, gah daban ötürməsi verir, gah topu çiləyir, gah da gözəl fintlərlə azarkeşləri feyziyab edirdi. İlk 10 dəqiqə ərzində Tabata iki dəfə real şans əldə etdi. Əvvəlcə braziliyalı yarımmüdafiəçi qeyri-dəqiq oynadı, az sonra isə qapıçı onun zərbəsini dəf etdi. 10-15-ci dəqiqələr arasında isə Kuarejma, Bobo və Ernst hərəyə bir dəfə əlverişli imkanı dəyərləndirə bilmədilər. Xüsusən də künc nöqtəsindən ötürmə zamanı Ernstin boş qapıya zərbəsini qolkiper əla reaksiya ilə qaytardı. Nəhayət, 19-cu dəqiqədə fanatlar qol sevinci yaşamağa nail oldular. Tabatanın sağ cinahdan havalandırdığı topu Nihat başla qapıdan keçirdi. Qoldan sonra Farer adaları təmsilçisi cəmi 5 dəqiqəlik oyuna nəzarət etdi. Bundan sonra yenə diktə edən və rəqib qapıçısını top atəşinə tutan tərəf “Beşiktaş” oldu. 35-ci dəqiqədə Erns ikinci dəfə “yüz faizlik” şansı “xərclədi”. İbrahim üzülməzin cinah ötürməsi zamanı Nihat topu Ernstə göndərdi. Lakin almaniyalı yarımmüdafiəçi çərçivəni düzgün nişan ala bilmədi. Buna qədər isə Kuarejma və Bobo hərəyə bir dəfə qapıçını narahat etmişdilər. Son saniyələrdə Tabata, hücumun davamında isə İbrahim Toraman da fürsəti əldən verdilər və fasiləyə qədər “Vikinqur” cəmi 1 top buraxmağa müvəffəq oldu. İkinci hissə də “Beşiktaş”ın hücumları ilə başladı. Ancaq aramsız hücumlar bir nəticə vermirdi. Qapıçı Tamas yenə çətin məqamlarda komandasının imdadına yetişirdi. O, hissənin ilk 20 dəqiqəsi ərzində Nihat və Tabataya fərqlənmək imkanı vermədi. Amma 65-ci dəqiqədə qolkiper də topun tora düşməsinə mane ola bilmədi. Sağ cinahda olan Delqadodan ötürmə alan Ərhan Güvən əlverişli mövqedə dayanan Nihatı zərbə mövqeyinə çıxardı. Forvard isə şansı əldən vermədi. 77-ci dəqiqədə istanbullular penalti vurmaq hüququ qazandılar. Əkrəmin cinah ötürməsi zamanı müdafiəçi topu əllə qaytardı. Lakin hakimin təyin etdiyi penaltini Kuarejma dəqiq yerinə yetirə bilmədi. Portuqaliyalı yarımmüdafiəçi topu qapıdan yuxarı vurdu. 83-cü dəqiqədə meydançaya girən Mərt Nobre cəmi 1 dəqiqə sonra fərqlənməyə çox yaxın oldu. Amma Ernstin başla zərbəsindən sonra müdafiəçidən dönən topu Nobre də rəqibin oyunçusuna tuşladı. Bununla belə, braziliyalı forvard 90-cı dəqiqədə aktivinə qol yazdırmağa müvəffəq oldu. Braziliyalı “trio” - Tabata-Bobo-Nobre paslaşması sonuncunun topu boş qapıya göndərməsi ilə nəticələndi - 3:0. Yeni transfer Kuarejma debüt matçında qol vurmaq üçün dəridən-qabıqdan çıxsa da, istəyinə nail ola bilmədi. Bununla belə, böyükhesablı qələbə qazanan “Beşiktaş” növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin etdi.
Bu xəbər 81 dəfə oxunub. |