 Futbolda mətbuat çox mühüm yer tutur. Elə Türkiyə mətbuatını buna misal göstərə bilərəm. Hər transfer dönəmində 100-lərlə oyunçunu “gətirir”, klub prezidenti ilə vitse-prezident arasındakı gizli söhbəti bütün təfərrüatları ilə “üzə çıxarır”, işləri-gücləri aranı qarışdırmaq olur. çox təəssüf ki, son vaxtlar bizim mətbuatda da “Türkiyələşmə” gedir. Türkiyədən götürəsi o qədər nümunəvi örnəkləri bir kənara atıb ən faydasız, futbolu zərbə altına salan, qalmaqal, söz-söhbət kimi şeyləri bəyənirik. Elə yazımın mövzusu da söz-söhbət olacaq. Geridə qoyduğumuz 2009-10 mövsümündə, demək olar ki, hər turda mətbuatımız oyun alqı-satqısı ilə “məşğul olur”, nəticələri əvvəlcədən “müəyyənləşdirirdi”. özü də çox maraqlıdır ki, bu söz-söhbətlərin çoxunu hansısa bir etibarlı mənbədən də deyil, stadionda azarkeşlərdən, ordan-burdan eşidib yazırlar. Açığı, bütün söz-söhbətlər yadımda qalmadığı üçün hamısını sadalaya bilməyəcəyəm. Mövsüm hələ başlanmamış dedilər ki, PFL-in prezidenti Ramin Musayev “Neftçi”də işləyib, deməli, bu komanda çempion olacaq. Amma “Neftçi” fiaskoya uğradı. Gah dedilər “AFFA “Karvan”ı elitada saxlayacaq”, gah dedilər “çempionluğun taleyi bəllidir. “İnter”i çempion edəcəklər, əvəzində “Simurq” ikinci “altılığ”a düşəcək və kuboku götürəcək”. Bu da şayiə kimi öz təsdiqini tapdı. Düzdür, “İnter” çempion oldu, amma necə? Son turda “Xəzər Lənkəran” uduzdu, “Qarabağ” heç-heçə elədi, bunun da sayəsində “İnter” çempion oldu. “Altılıq” mərhələsi hələ başlanmamış “AFFA “Qarabağ”ın üstündən xətt çəkib. Bu komanda avrokuboklara düşə bilməyəcək” dedi-qodusu yayıldı. Göründüyü kimi, “Qarabağ” son tura qədər çempionluq mübarizəsi apardı və Avropa arenasına da yollanacaq. Mövsüm sona yaxınlaşdıqca mətbuat artıq təkcə çempionu deyil, eyni zamanda kubokun qalibini də müəyyənləşdirməyə başladı. ölkə kubokunun yarımfinalında “Bakı” səfərdə “İnter”i məğlub edərək finala vəsiqə qazananda mətbuat yazdı ki, komandalar öz aralarında razılaşıblar. Guya “İnter” “Bakı”nı finala buraxacaqdı ki, kuboku götürsün. Əvəzində də 31-ci turda “Bakı” “İnter”ə 3 xal verəcəkdi ki, “bankirlər” çempion olsunlar. Əvvəla tutaq ki, “İnter” qəsdən “Bakı”nı finala buraxdı. Kim təminat verirdi ki, “Bakı” finalda “Xəzər Lənkəran”ı udub, kuboku götürəcək? üstəlik də, “Bakı” çempionat oyununda qələbə qazansaydı, çempionluq yolunda önəmli addım atacaqdı. 31-ci turun oyunu da 0:0 hesabı ilə bitdi. Son tur öncəsi isə az qala bütün Azərbaycan “Xəzər Lənkəran” - “Bakı” sövdələşməsi”ndən danışırdı. Bu məsələnin bu qədər ajiotaj doğurmasının səbəbkarı da mətbuatdır. Guya “Bakı” oyunu verəcək, kuboku götürəcək. Gördüyünüz kimi, bu da yalan çıxdı. Hələ “Qarabağ” - “Neftçi” “qardaşlığından” danışmıram. Sən demə, “Neftçi”nin keçmiş rəsmisi Ramin Musayev “Qarabağ”ı o qədər sevirmiş ki, onun xətrinə “Neftçi” məğlub olacaq, “Qarabağ” da çempionluq şansını davam etdirəcəkdi. Arif Əsədov da “Əvəzedici heyətlə oynayacağıq” deyəndən sonra qəzetlər “Qarabağ”a əlavə 3 xalı oyundan əvvəl “hədiyyə etdilər”. Mövsüm başa çatdı, amma həmkarlarım danışmaqdan yorulmadılar: “Qəbələ” “İnter”ə qəsdən uduzdu. Komandalar özləri qəsdən çempion olmadılar ki, futbolçulara külli miqdarda mükafat verməkdən canlarını qurtarsınlar”... Geridə qalan bir mövsüm ərzində eşitdiyim şayiələrin, demək olar ki, hamısı yalan çıxdı. Nəticəyə kənar təsir dünyanın bütün ölkəsində var. Mən demirəm ki, bizdə hər şey təmizdir, AFFA əla işləyir. Əksinə, AFFA-nın iş prinsipini bəyənməyənlərdən biri də mənəm. Amma bəzi həmkarlarımın da bu cür informasiyalar yayıb, insanların başını qarışdırmalarını, camaatda mətbuata qarşı antipatiya yaratmalarını da həzm edə bilmirəm. Əgər faktın varsa, çıx qoy ortaya, biz də futbolumuz naminə sənə dəstək verək, bu işin arxasınca düşək. Boş-boş məlumatlarla reytinq qazanmağa, sensasiya yaratmağa çalışmayın, xalqın beynini yanlış düşüncələrə həbs etməyin...
Bu xəbər 313 dəfə oxunub. |